Xəbərlər

Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının ətraf mühit üzrə işçi qrupunun ilk iclası keçirilmişdir

30 İyul 2008, 00:00

Son illər Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük diqqət yetirilir. Bu baxımdan Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş 2007-2012-ci illəri əhatə edən "Avropa İttifaqı”“Azərbaycan Respublikası Fəaliyyət Planı"nı qeyd etmək olar.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin milli səviyyədə həyata keçirilməsinin təmin olunması üçün milli tədbirlər planı işlənib hazırlanmış və bu tədbirlər planında ətraf mühit məsələləri də geniş əks olunmuşdur.
Avropa Komissiyasının 2007-ci ildə irəli sürdüyü təklifinə əsasən ətraf mühitlə bağlı məsələlər bu ildən etibarən Azərbaycan - Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin enerji və nəqliyyat üzrə Alt Komitəsinin əsas məsələlər sırasına daxil edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitlə bağlı Fəaliyyət Planına daxil edilmiş tədbirlər üzrə görülmüş işlər barədə mütəmadi olaraq arayışlar hazırlanır və müvafiq qurumlara təqdim olunur. Lakin, bu tədbirlərin daha səmərəli icrasının təmin edilməsi üçün hər bir tədbir üzrə konkret iş planının hazırlanması tələb edilir.
Bununla əlaqədar Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyası tərəfindən bu ilin iyun ayında keçirilmiş iclasda nəqliyyat, enerji və ətraf mühit üzrə milli tədbirlər planına daxil edilmiş məsələlərin əhatəli olduğunu nəzərə alaraq, bu sahələr üzrə ayrı-ayrılıqda işçi qrupların yaradılması təklif edilmişdir.
30 iyul 2008-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində ətraf mühit üzrə yaradılmış işçi qrupunun ilk iclası keçirilmişdir.
İclası giriş sözü ilə Nazir müavini F.Əliyev açaraq, fəaliyyət planı çərçivəsində Avropaya İnteqrasiya üzrə Azərbaycan tərəfindən görülmüş işlər, əlaqələrin inkişaf tarixçəsi barədə görüş iştirakçılarına qısa məlumat vermişdir.
İclasda ETSN-nin nümayəndələri ilə birgə digər aidiyyətı qurumların mütəxəssisləri də iştirak etmişlər.
Görüşün əsas məqsədi, Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq Milli tədbirlər planına daxil edilmiş tədbirlərin icrası ilə əlaqədar konkret iş planının hazırlanması üçün tapşırıqların verilməsindən ibarət idi.
İclasın nəticəsi olaraq işçi qrupuna ətraf mühit üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, fəaliyyət planına daxil edilmiş tədbirlərin aidiyyətı üzrə digər dövlət qurumları ilə birgə həyata keçirilməsi üçün qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və bu istiqamətdə konkret iş planının hazırlanması üzrə tapşırıqlar verilmişdir.