Xəbərlər

Bakı-Abşeron və Sumqayıt çimərlik ərazilərindən götürülmüş dəniz suyu nümunələri üzərində aparılan təhlillərin nəticələri

03 İyul 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən cari ilin may-iyun aylarında Bakı-Abşeron və Sumqayıt çimərliklərində ekoloji vəziyyəti araşdırmaq məqsədi ilə monitorinq keçirilmiş, 29 nöqtədən götürülmüş 67 su nümunəsi üzərində 484 fiziki-kimyəvi, kimyəvi və mikrobioloji təhlillər aparılmışdır.

Pirallahı-Nardaran sahil zolağının modul tipli təmizləyici qurğular quraşdırılan ərazilərində aparılmış tədqiqatların nəticələrinə görə dəniz suyu nümunələrində komponentlərin miqdarı norma daxilindədir. Yalnız Şüvəlan və Buzovna ərazilərində müşahidə edilən zəif çirkliliyin əsas səbəbi gücü 10 min m3/gün olan Buzovna biolojı təmizləyici qurğusunda bəzi vaxtlarda xlorlanmanın düzgün aparılmaması, Şüvəlan təmizləyici qurğularında isə hələ ki, rekonstruksiya işlərinin tam başa çatdırılmamasıdır.
Sumqayıt şəhəri 5-ci mikrorayon, Corat, Novxanı, Fatmayi, Goradil, habelə Zirə, Türkan çimərliklərindən götürülmüş dəniz suyu nümunələrində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticələrinə görə nümunələr çirkli və zəif çirkli olmaqla, bağırsaq çöpü bakteriyalarının sayı normadan artıqdır.
Hövsan Aerasiyası, Naximov və Xanlar qəsəbələri, Zığ təmizləyici qurğularının quraşdırıldığı ərazilər, Şıx sanatoriyası, Qaradağ rayonu Sahil çimərliyi, Qırımızı göl və Qaz emalı zavodunun qarşısındakı ərazilərdən, axarların dənizə qovuşduğu yerdən götürülən su nümunələrində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticələrinə görə nümunələr çirkli, bağırsaq çöpü bakteriyalarının sayı isə normadan artıqdır.