Xəbərlər

Xəzər dənizinin çirklənmədən qorunması üçün əlavə tədbirlər görüləcək

14 İyun 2008, 00:00

Azərbaycan prezidenti İlham Əliyev Xəzər dənizinin çirklənmədən qorunması üzrə əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.
Sərəncama əsasən, Abşeron yarımadasının Nardaran-Sumqayıt və Gürgan-Səngəçal istiqamətinin sahil boyu zolağında modul tipli çirkab su təmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2 (iki) milyon manat məbləğində vəsait ayrılıb. Prezident nazirliyə modul tipli çirkab su təmizləyici qurğuların quraşdırılmasını və istifadəyə verilməsini təmin etməyi tapşırıb. Sərəncama əsasən, quraşdırılmış çirkab su təmizləyici qurğuların normal və fasiləsiz istismarını və onlara texniki xidmətin göstərilməsini təmin etmək məqsədi ilə həmin qurğular qanunvericiliyə uyğun olaraq müvafiq bələdiyyələrin istifadəsinə veriləcək.