Xəbərlər

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya Muzeyinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

22 May 2008, 00:00


Ölkəmizin ərazisinin zəngin geoloji inkişaf tarixinin tədqiqi, mineral xammal mənbələri və yeraltı sərvətlərinin, habelə geologiya elminin müxtəlif sahələrində qazanılan nailiyyətlərin nümayiş etdirilməsi işində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya Muzeyinin böyük rolu vardır. 1969-cu ildə yaradılmış bu muzey respublikada aparılan geoloji-kəşfiyyat işlərinin nəticələrinin geniş miqyasda tanıdılması istiqamətində mühüm xidmətlər göstərmişdir.

Azərbaycan Respublikasının təbii ehtiyatlarının öyrənilməsi və onların təbliğinin daha da gücləndirilməsi ilə yanaşı, indiyədək toplanmış eksponatların qorunub saxlanması və gələcək nəsillərə çatdırılması zərurətini nəzərə alaraq, Azərbaycan Geologiya Muzeyinin maddi-texniki bazasının möhkəmləndirməsi və fəaliyyətinin müasir standartlara uyğun qurulmasının təmin olunması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya Muzeyinin inzibati binasının təmiri və muzeydə mühafizə olunan eksponatların restavrasiyası üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan işlərin yerinə yetirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 21 may 2008-ci il.