Xəbərlər

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur

23 May 2008, 00:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 22 may 2008-ci il tarixli “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” sərəncamına müvafiq olaraq Nazirliyin 12 nəfər əməkdaşı ətraf mühitin qorunmasındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olundu.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra məhz Ulu Öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində onun imzaladığı 2001”“ci il 23 may tarixli sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
Son bir neçə ildə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi sahəsində ölkə Prezidentinin rəhbərliyi altında ardıcıl, məqsədyönlü işlər görülmüş, uzun illər ərzində yığılaraq müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəlmiş 5 Milli və Dövlət Proqramı təsdiq edilmiş, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilmişdir.
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi hazırda aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutmaqla yanaşı, son zamanlar bilavasitə ekoloji problemlərin həlli sahəsində həyata keçirilən tədbirlər bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasının parlaq nümunəsidir.
Əvvəllər bir Milli Parkı belə olmayan Azərbaycanda son 5 ildə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin ümumi sahəsi 750 min hektara, yəni ölkə ərazisinin 8,7%-nə catdırılaraq 8 Milli Park, 4 Qoruq, 3 Yasaqlıq yaradılmış, 5 mövcud qoruğun ərazisi genişləndirilmiş, 3 Təbiət Abidəsi təşkil edilmişdir.
Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" və "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamlardan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular alınmış, Abşeron yarımadasının şimal hissəsinin 61 km-lik sahil zolağında quraşdırılaraq istismara buraxılmış, Kür və Araz çaylarının suyundan istifadə edən 50 yaşayış məntəqəsində Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən su təmizləyici qurğular quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir. Hazırda bu tədbirlərin 2-ci mərhələsinə, yəni daha 50 yaşayış məntəqəsində bu işlərin görülməsinə başlanmışdır.
Ölkə Prezidentinin imzaladığı "Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında" Sərəncama uyğun olaraq Atbulaq-Hacıqabul qəsəbəsi avtomobil yolunun 28 km məsafəsinin hər iki tərəfində müxtəlif cinslərdən olan 100 min ağac əkilmiş, eləcə də tenderdə qalib gəlmiş Bolqarıstan şirkəti ilə bağlanmış müqavilə üzrə sifariş olunmuş 22638 ədəd müxtəlif çeşiddə dekorativ ağac və kol bitkilərinin bir hissəsi Respublikaya gətirilərək həmin ərazidə əkilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində-17 may 2008-ci il tarixində Atbulaq-Hacıqabul yolunun hər iki tərəfində əkilmiş yeni ağaclara qulluq etmək məqsədi ilə iməcilik keçirilmişdir.
23 may Peşə bayramı günü Ulu Öndər Heydər Əliyevin məzarını ziyarətlə başlandı. Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən yığıncaqda Nazirliyin bir sıra əməkdaşı fəxri fərmanla təltif olundu.

Tədbirə aid fotolar>>