Xəbərlər

Təbiətə vurduğu ziyana görə YaşıllaşdırmaTəsərrüfatı Birliyinə qarşı iddia qaldırılacaq

23 May 2008, 00:00

20 may 2008-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinə daxil olmuş məlumata əsasən Departamentin əməkdaşları Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 77 saylı binanın arxa hissəsində diametri 36-38 sm olan köküstə yaş vəziyyətdə 1 ədəd çinar ağacının Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən kəsilərək doğranmış halda 10 JC2 59 dövlət nişanlı, ZİL markalı avtomaşına yüklənməsi faktını müəyyən etmişlər.
Hadisə yerində ağacın kəsilməsini təşkil etdirdiyini bildirən Qulu adlı şəxs nalayiq küçə söyüşləri ilə departamentin məsul şəxslərini təhqir etmiş, onların üzərinə hücum çəkməklə zor tətbiq etmişdir. Baş verənlərlə əlaqədar dərhal Nərimanov rayon Polis İdarəsinə müraciət olunmuş və idarənin 16-cı Polis Bölməsinin əməkdaşları əraziyə gələrək adıçəkilən şəxsi saxlamışlar.
Aşkar olunmuş faktla əlaqədar müvafiq sənədləşmə işləri aparılmış, araşdırmaları davam etdirmək məqsədilə avtonəqliyyat vasitəsi yüklü vəziyyətdə Departamentin həyətyanı sahəsinə gətirilmişdir.
Təbiətə vurduqları ziyana görə Yaşıllaşdırma Təsərrüfatı Birliyinə qarşı Departament tərəfindən iddia qaldırılacaq və digər inzibati tədbirlər həyata keçiriləcəkdir.