Xəbərlər

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ətraf Mühit üzrə İşçi Qrupunun növbəti görüşü keçiriləcək

21 May 2008, 00:00

2008-ci il 22-23 may tarixlərində Abşeron otelində Azərbaycan tərəfinin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin Enerji, Mineral və Ətraf Mühit Müdiriyyətilə birgə İƏT-ə üzv ölkələrin Ətraf Mühit üzrə İşçi Qrupunun növbəti 5-ci görüşü keçiriləcək.
Ətraf Mühit üzrə İşçi Qrupunun növbəti 5-ci toplantısının keçirilmə ideyası İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri (IƏT) Nazirlərinin 2006-cı il 30 iyun tarixində Almatı şəhərində Ətraf Mühit üzrə keçirilən 3-cü və Regional Planlaşdırma Şurasının 17 və 18-ci görüşlərində qərara alınmışdır.
Toplantıda iştirakçılar İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri Nazirlərinin Ətraf Mühit üzrə 3-cü görüşünün qərarlarını icra edərək Əməkdaşlıq üzrə Fəaliyyət Planının həyata keçirilməsini əhatə edən müzakirələri 2010-cu ilə kimi davam etdirəcək, həmçinin əməkdaşlığın gələcək inkişafı üçün ətraf mühitin müxtəlif sahələrində mümkün olan bütün yolları və vasitələri araşdırıb təhlil edəcəklər.
İclasda İqtisadi Əməkdaşlıq Təşkilatına 8 üzv ölkə-Əfqanıstan, Azərbaycan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Türkmənistan və Özbəkistan iştiraklarını təsdiq etmişlər.
Görüşdə iştirakçıların mövzu üzrə konkret yeni layihə, ekoloji məsələlər və digər prioritet sahələr üzrə təkliflərinin verilməsi nəzərdə tutulur.
Toplantının nəticələri 2008-ci il 17-20 noyabr tarixlərində Pakistanın paytaxtı İslamabadda keçiriləcək Nazirlərin növbəti 4-cü Görüşündə nəzərə alınacaqdır.