Xəbərlər

Ekoloqların 22 aprel-Beynəlxalq “Yer günü”nə töhfəsi

18 Aprel 2008, 00:00

Bu günün keçirilmə ənənələri XIX əsrin 40-cı illərinə təsadüf edir. Belə ki, o dövrdə ABŞ-nın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif edilmişdir. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanmışdır. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılmışdır.
1990-cı ildən başlayaraq “Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli parklara həsr edilmişdir. Məqsəd, xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həll edilməsi üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətinin cəlb edilməsi olmuşdur.
Tədricən bu bayram beynəlxalq xarakter alaraq, hazırki dövrdə yüz əlliyə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur. Bu günlər insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə, informasiya vasitələrində çıxışlar etməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il 22 aprel “Yer günü” ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
Nazirlik “Yer günü”nün yüksək səviyyədə qeyd olunması ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayaraq həyata keçirir. Ölkə ərazisində təmizlik-abadlıq işlərinin aparılması və yaşıllıqlara qulluq edilməsi məqsədilə Nazirliyin qurumları öz xidməti ərazilərində ictimaiyyətin nümayəndələrinin iştirakı ilə iməciliklər keçirəcəkdir. Aprel ayının 19-dan 26-dək Giləzi və Atbulaq-Hacıqabul yolu ətrafında əkilmiş ağacların suvarılması və onlara qulluq, Bakı şəhərinin Sabunçu, Binəqədi, Suraxanı, Nərimanov rayonlarının ərazisində təmizlik işlərinin aparılması məqsədilə iməciliklərin, 19 apreldə Bakı şəhəri Xətai rayonunun 264 saylı məktəbində dəyirmi masanın, 22 apreldə 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində məktəblilərlə görüşün keçirilməsi nəzərdə tutulur.
Beynəlxalq “Yer günü” ilə əlaqədar regionlarda da yerli ictimaiyyətin nümayəndələrini cəlb etməklə iməciliklər təşkil edilərək xidməti ərazilərdə ağacların əkilməsi, yaşıllıqlara qulluq edilməsi, təmizlik işlərinin aparılması tədbirləri həyata keçiriləcək. Həmin ərəfədə regionlardakı təhsil müəssisələrində məktəbli tələbələrlə ekoloji təbliğat xarakterli dəyirmi masalar, görüşlər, seminar məşğələlər, mətbuatda çıxışların təşkil edilməsi də nəzərdə tutulur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən “Yer günü” ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyətin nümayəndələrini fəal iştirak etməyə çağırır.