Xəbərlər

Böyük Qafqazın Şahdağ dağ massivindəki zirvəyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı verildi

09 Aprel 2008, 00:00

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən Böyük Qafqazın Şahdağ dağ massivində hündürlüyü 4042 metr olan adsız zirvəyə 2008-ci ilin 5-7 aprel tarixlərində yürüş təşkil olunmuşdur. Həmin yürüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də iştirak etmişlər. Zirvə fəth edilən zaman orada piramida formasında, hündürlüyü 60, eni 70 sm olan bürünc materialdan hazırlanmış, üst tərəfdə bayraq üzərində “İlham Zirvəsi”, yan tərəfdə “4042 m zirvə, Azərbaycan Respublikası Prezidenti Zati-aliləri İlham Əliyev cənabları şərəfinə adlandırılıb” sözləri yazılmış lövhə qoyulmuşdur.
Azərbaycan Respublikası ərazisində hündürlüyü 4 min metrdən yüksək 8 zirvədən biri olan Böyük Qafqazın Şahdağ dağ massivində hündürlüyü 4042 metr olan adsız zirvəyə görkəmli siyasi xadim, dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycanın beynəlxalq imicinin formalaşmasında, ölkəmizin sosial-iqtisadi inkişafının təmin olunmasında, milli-mənəvi dəyərlərimizin qorunmasındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin adı verilmişdir.
Qeyd edək ki, bir necə il bundan əvvəl Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən zirvəyə Ümummilli lider Heydər Əliyevin adı verilmişdir. (Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin adı verilmiş Şahdağ dağ massivindəki zirvədən Heydər Əliyev zirvəsi aydın görünür).