Xəbərlər

“Məktəblilərin elektron hökuməti” layihəsi çərçivəsində 43 saylı liseyin şagirdləri ilə görüş keçirilmişdir

14 Mart 2008, 00:00

13 mart 2008-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində ETSN-nin funksiyasını icra edən 43 saylı liseyin şagirdləri ilə görüş keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli “Elektron Azərbaycan”la bağlı Dövlət Proqramına istinadən “Demokratik İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Məktəblilərin elektron hökuməti” adlı layihə çərçivəsində baş tutmuşdur.
Görüşdə layihənin rəhbəri V.Hüseynova görülmüş işlər haqqında qısa məlumat verdikdən sonra, məktəblilər layihə ilə əlaqədar fəaliyyətləri barədə danışmışlar.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov çıxış edərək son zamanlar ətraf mühitin mühafizəsi sahəsinə aid qəbul olunmuş qanun və qərarlar, Nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir.
Layihənin həyata keçirilməsinin bilavasitə ekologiya sahəsində maariflənməyə şərait yaratdığını qeyd edən Nazir, çıxışını davam etdirərək layihənin icrası zamanı əldə etdikləri biliklərin gələcəkdə öz yaşıdları arasında təbliğ edilməsinin vacibliyi barədə məktəblilərə tövsiyə vermişdir.
Sonda şagirdləri narahat edən suallara dair geniş məlumat verilmiş, Nazirlik tərəfindən onlara hədiyyələr təqdim olunmuşdur.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti