Xəbərlər

Bakı şəhəri Əzizbəyov rayonu 123 saylı orta məktəbdə “Həyəcan təbili” mövzusunda Dəyirmi masa keçirilmişdir

13 Mart 2008, 00:00

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər Kompleks Tədbirlər Planı”nın 6.3 “ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, tədris müəssisələrində ekoloji təhsilə daha geniş yer ayrılması və bu sahə üzrə kadrların hazirlanması” bəndinin icrası olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birgə 123 saylı orta məktəbdə “Həyəcan təbili” mövzusunda Dəyirmi masa keçirmişlər.
Tədbirdə edilən çıxışlarda Azərbaycanda Ekologiya elminin yaradıcısı akademik Həsən Əlirza oğlu Əliyevin həyatını torpağın, suyun, atmosferin, fauna və floranın mühafizəsi problemlərinə aid tədqiqat işlərinə həsr etməsindən, 70-ci illərdə Azərbaycan təbiəti ilə bağlı qələmə aldığı «Həyəcan təbili» kitabının bu günümüz üçün də aktuallığını saxlamasından söz açılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı M.Nuriyeva çıxış edərək görkəmli elm və ictimai xadim, Azərbaycan Dövlət mükafatı laureatı, akademik Həsən Əliyevin 100 illik yubileyi ilə əlaqədar Nazirlik tərəfindən bir sıra tədbirlər həyata keçirilməsi, alimin Azərbaycanda Ekologiya elminin yaradıcısı kimi bizə qoyduğu nəzəri və praktik biliklərin, məsləhətlərin həmişə əsas götürüldüyü barədə fikirlərini tədbir iştirakçılarına çatdırmışdır.
Dəyirmi masada iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi L.Dadaşova və akademikin tələbəsi, 323 saylı orta məktəbin biologiya müəllimi Qərənfil Ələkbərova çıxışlarında bütün mənalı həyatını Azərbaycan təbiətinin tədqiqinə, tərənnümünə və mühafizəsinə həsr etmiş, əsrarəngiz sərvətin gələcək nəsillər üçün qorunub saxlanılmasının tərənnümçüsü olmuş Həsən Əliyev haqqında xatirələrini söyləməklə yanaşı, ətraf mühitin mühafizəsinə yönəldilmiş tədbirlərdə gənclərin rolunu xüsusi qeyd edərək bu işdə onları daha çox fəal olmağa çağırmışlar.
Şagirdlər akademikin həyat və yaradıcılığı ilə bağlı məruzələr oxumuş və Azərbaycan təbiətinə həsr olunmuş şeirlər söyləmişlər.
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi, ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji problemlərin müzakirəsi, ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması, təbiətdən davamlı istifadənin təmin olunması məqsədilə gələcəkdə də respublikamızın məktəblərində belə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti