Xəbərlər

PRESS-RELİZ

09 Fevral 2008, 00:00

08 fevral 2008-ci il tarixində, təqribən saat 17-15 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Qaynar xətt” vasitəsilə Mərdəkan-Buzovna qəsəbələri ərazisində yerləşən “Marian Bi甝 çimərliyinin sahilində ördək və qu quşlarının kütləvi surətdə ovlanması ilə əlaqədar daxil olmuş müraciətin, eyni zamanda “Day.Az” İnternet səhifəsində dərc olunmuş analoji məzmunlu yazıda qeyd olunan faktların operativ qaydada araşdırılması məqsədilə Nazirlik tərəfindən dərhal xüsusi qrup yaradılaraq, yerində araşdırma aparılmışdır.
Nazirliyin əməkdaşları qeyd olunan “Marian Bi甝 çimərliyinin ətraf ərazilərinə baxış keçirərkən, həqiqətən də ərazidə ov tüfəngi ilə atılmış xeyli sayda boş gilizlər müəyyən etmiş, lakin hər hansı quş cəsədi və ya onun fraqmentlərini müşahidə etməmişlər. Güman etmək olar ki, onlar ərazidə dolaşan itlər tərəfindən yeyilmişdir. Lakin Nazirlik əməkdaşlarının ərazidə olduqları müddət ərzində artıq ov və güllə atılması halları müşahidə edilməmişdir.
Bununla əlaqədar ərazidə qanunsuz ov hallarının qarşısının alınması məqsədilə mütəmadi növbətçilik rejimi yaradılması barədə Nazirliyin aidiyyəti qurumlarına müvafiq göstəriş verilmişdir.
Bir daha əhalinin nəzərinə çatdırırıq ki, 2005-ci ildən etibarən quş qripi xəstəliyinin profilaktikası ilə əlaqədar ölkə ərazisində quş ovuna müddətsiz qadağa qoyulmuşdur.
Eyni zamanda vətəndaşlardan rica edirik ki, hazırda miqrasiya dövrü ilə əlaqədar soyuq diyarlardan ölkəmizə pənah gətirmiş zəif və köməksiz quşların hər hansı şəkildə ovlanmasına yol verməsinlər.
Bu həm mənəvi, həm də hüquqi baxımdan yolverilməzdir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti