Xəbərlər

Kür çayının aşağı axınında və böyük su anbarlarında 2008-ci il fevral ayının 25-nə olan mövcud vəziyyət

25 Fevral 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə son zamanlar temperatur rejiminin nisbətən yüksəlməsi və alçaq dağlıq ərazilərdə qarın tədricən əriməsi ilə əlaqədar Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin dağ çaylarında sululuğun artımı müşahidə olunur.
Kür çayının aşağı axınında səviyyələr
2008-ci il yanvar ayının 1-dən fevralın 25-dək Kür çayının Zərdab məntəqəsində səviyyə 3,68 metr, Surrada (Sabirabad) 1,27 metr, Əlibayramlıda 1,23 metr, Salyanda 1 metr, Bankədə (Neftçala) 0,44 metr, Araz çayının Novruzlu məntəqəsində isə 0,90 metr artmışdır.
2007-ci ilin müvafiq dövrü ilə müqayisədə suyun səviyyəsi Zərdab məntəqəsində 4,25 metr, Surrada 3,39 metr, Əlibayramlıda 3,29 metr, Salyanda 2,64 metr, Bankədə 0,95 metr, Araz çayının Novruzlu məntəqəsində isə 3,04 metr yuxarıdır.
Su sərfi
Kür çayında hazırda su sərfi 770-800 m3/san təşkil edir ki, bu da 2007-ci il ilə müqayisədə 3,5 dəfə çoxdur (2007-ci ildə su sərfi 200-250 m3/san olmuşdur). Analoji vəziyyət 2003 və 2006-cı illərdə müşahidə edilmişdir.
Su anbarlarında
Yanvar ayının 1-dən fevralın 25-dək Mingəçevir su anbarının səviyyəsi 1,41 metr azalmışdır. Gündəlik olaraq su anbarının səviyyəsində 4-5 sm azalma müşahidə olunur.
Su anbarının hazırki səviyyəsi 77,07 metr, həcmi isə 12387 mln.m3-dir.
2008-ci il fevralın 25-nə olan səviyyələr 2007-ci ilin səviyyələrinə yaxındır.
Hal-hazırda su anbarına ümumi gələn suyun miqdarı 385 m3/san, buraxılan suyun həcmi isə 550-580 m3/san təşkil edir ki, bu da keçən il ilə müqayisədə 2,7 dəfə çoxdur.
Şəmkir su anbarının fevral ayının 25-nə olan səviyyəsi 147,77 metr, həcmi isə 1615 mln. m3-dir ki, bu da ümumi həcmin 60 %-ni təşkil edir. Hazırki səviyyələr 2007-ci ilin səviyyələrinə yaxındır.
Araz su anbarının fevral ayının 25-nə olan səviyyəsi 771,43 metr, həcmi isə 604 mln. m3-dir ki, bu da ümumi həcmin 48 %-ni təşkil edir. Hazırki səviyyələr 2007-ci ilin səviyyələrinə yaxındır.
Hal-hazırda su anbarından buraxılan suyun həcmi 130-140 m3/san (2007-ci ildə 90-95 m3/san) təşkil edir ki, bu da 2007-ci ilə nisbətən çoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidməti