Xəbərlər

2 fevral ”“ “Ümumdünya Su-bataqlıq Əraziləri Günü”dür

01 Fevral 2008, 00:00

Azərbaycan Respublikasında ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq əraziləri mövcuddur. Respublikamızda sahəsi 1000 ha-dan böyük olan su-bataqlıq sahələrinin sayı təqribən 17-yə yaxındır. Onlara Qızılağac Dövlət Təbiət Qoruğu, Ağ göl və Şirvan Milli Parkları, Mahmudçala, Hacıqabul gölü, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı və Xəzər sahiliboyu ərazilər aiddir. Həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş növləri toplanır.
Azərbaycan Respublikası tərəfindən 2001-ci il 18 iyul tarixində “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyası ratifikasiya edilib.
2003-cü ilin 5 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilib və ona Milli Park statusu verilib. Ağ göl Milli Parkının ərazisindəki göllərin su balansının tənzimlənməsi məqsədilə Mil-Muğan kollektorundan çəkilmiş axarla qidalandırılması təmin olunub.
Ağ göl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq ərazisi kimi 2001-ci il 25 may tarixindən “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının “Ramsar Siyahısı”na daxil edilib. Hazırda Sarı-su gölünün bu siyahıya salınması istiqamətində də işlər görülür. Gələcəkdə su-bataqlıq quşlarının məskunlaşma ərazisi kimi əhəmiyyətli olan digər böyük su-bataqlıq ərazilərinin də “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının “Ramsar Siyahısı”na daxil edilməsi nəzərdə tutulub. Eyni zamanda Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilməsi və Dənizkənarı Milli Parkın yaradılması istiqamətində Nazirlik tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
2 fevral “Beynəlxalq Su-bataqlıq Əraziləri Günü”dür. Bununla bağlı hər il olduğu kimi, cari ildə də geniş ictimaiyyətin, Qeyri Hökumət Təşkilatlarının iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2 fevral tarixinin “Ümumdünya Su-Batataqlıq Əraziləri” günü kimi qeyd edilməsi nəzərdə tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti