Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində anma mərasimi keçirilmişdir

19 Yanvar 2008, 00:00

Yanvarın 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Mərasimdə Ekologiya və Təbii Sərvətlər Naziri H. Bağırov tariximizə qanla yazılan 20 Yanvar faciəsinin dəhşətlərindən söz açaraq, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiya ordusunun Bakıda qanlı hadisələr törətməsindən, xalqımızın azadlıq və müstəqilliyinə qarşı çıxmasından, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda istiqlal mübarizəsinə qalxmış oğul və qızlarımızın qəhrəmanlığından danışmışdır.
Həmin gün əliyalın dinc insanların müasir silahla silahlanmış sovet ordu hissələrinin açıq təcavüzünə məruz qalması, eləcə də bu rejimin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün törətdikləri vəhşiliklər qeyd olunmuşdur.
Həmçinin, Nazir çıxışında 20 Yanvar faciəsindən dərhal sonra Ümummilli lider Heydər Əliyevin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsini, burada xalqımızın haqq səsini dünyaya çatdırmasını, SSRİ rəhbərliyinin cinayətkar əməllərini ifşa etməsini qeyd etmiş, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin də Ulu Öndərimizin yenidən hakimiyyətə qayıtdıqdan sonra verildiyini bildirmişdir.
20 Yanvar faciəsinin Azərbaycan tarixinin şanlı səhifələrindən biri olmaqla, xalqımızın istiqlal mücadiləsinin, köləliyə qarşı etiraz ifadəsinin qəhrəmanlıq mübarizəsi kimi insanların yaddaşında əbədi yaşayacağı, Şəhidlər Xiyabanının isə bu gün hər bir azərbaycanlının böyük ehtiram və hörmətlə ziyarət etdiyi, xalqımızın qürur və and yerinə çevrildiyi qeyd olunmuşdur.
Tədbirdə zaman-zaman xalqımıza qarşı törədilən qanlı təcavüzlərdən, vətənimizin azadlığı və müstəqilliyi naminə şəhid olan insanların fədakarlığından danışılaraq, şəhidlərin əziz xatirəsinin daim ürəklərdə yaşayacağı bildirilmişdir.
Allah şəhidlərimizə rəhmət etsin! Qəbrləri nurla dolsun.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat xidməti