Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

03 Fevral 2016, 00:00

16-31 yanvar 2016-cı il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 97 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 16 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 37 iş üzrə 44230 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 46 iş üzrə 83926.51 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 191 iş üzrə 39112.88 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 6, icra qurumlarına və məhkəmələrə isə 16 iş göndərilib.