Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Saatlı rayon ictimaiyyətinin nümayəndələri və fəallarla görüşüb
29 Yanvar 2016, 00:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov yanvarın 29-da Saatlı rayonunda ictimaiyyət nümayəndələri və fəallarla görüşüb.
Rayonun Gənclər Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, sahibkarlar və Saatlı rayonundan seçilmiş millət vəkilləri də iştirak edib.
Əvvəlcə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Bildirilib ki, ölkə prezidentinin regionların sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində respublikada, o cümlədən Saatlıda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılıb, yeni iş yerləri açılıb.
Açıq dialoq şəraitində keçən görüşdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov çıxışında bildirib ki, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, ölkənin inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti nəticəsində ciddi uğurlar qazanılıb. Bu uğurların təməlində düşünülmüş siyasət, sabitlik, iqtisadi islahatlar dayanır. Yəni indiyə qədər ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində ölkədə siyasi sabitlik, güclü iqtisadi potensial yaradılıb. İqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlara dəstək göstərilərək iqtisadiyyatın mənfi təsirlərə qarşı dayanıqlılığının təmin edilməsi istiqamətində az bir vaxtda effektiv islahatlar aparılıb. H.Bağırov vurğulayıb ki, ölkəmizdə münbit investisiya şəraiti var, xarici və daxili investorlar Azərbaycana inamla yanaşır. Daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük təşkil etməsi iqtisadi inkişafımıza təkan verir. Sevindirici hal ondan ibarətdir ki, son illər ərzində qeyri-neft sektorumuz uğurla artır. Əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Gələcək illərdə aparılan islahatlar isə qeyri-neft sektorunun daha da inkişafına gətirib çıxaracaq.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ildə qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirib və onların yerinə yetirilməsi üçün ciddi tapşırıqlar verib. Özəl bölmənin inkişafı istiqamətində görülən işlər, xüsusilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində dövlət başçısı tərəfindən qəbul edilən qərarlar bu sektorun inkişafında mühüm əhəmiyyət kəsb edir və ölkənin, eləcə də onun ayrı-ayrı regionlarının inkişafı üçün böyük imkanlar yaradır. H.Bağırov bu günkü şəraitdə də mövcud iqtisadi sabitliyin qorunub saxlanılması üçün fermerlərə, sahibkarlara onlara ayrılmış pay torpaqlarından, ümumiyyətlə rayonun torpaq fondundan səmərəli şəkildə yararlanmağı və yerli iqtisadiyyatın daha da inkişafı üçün müasir texnoloji prosesləri zamanında dəyərləndirməyi tövsiyə edib, sosial-iqtisadi inkişafın dayanıqlığının təmini üçün qüvvələrin səfərbər olmasının vacibliyini vurğulayıb.
O, nazirlik tərəfindən rayonda görülmüş işlərə də toxunub. Bildirilib ki, rayon əhalisinin ekoloji cəhətdən sağlam mühitə malik olması üçün bir sira tədbirlər görülüb, o cümlədən ölkə başçısının tapşırığına əsasən əksər kəndlər sutəmizləyici qurğularla təhciz edilib, geniş miqyasda yaşıllıq sahələri salınıb. Növbəti 2 il ərzində isə bölgənin daha 30 kəndində sutəmizləyici qurğuların quraşdırılacağı rayon ictimaiyyətinin diqqətinə çartdırılıb. Eyni zamanda H.Bağırov yeni iş yerlərinin açılması məqsədilə Saatlı rayonunda yerli şəraitə uyğun ağac cinslərinin yetişdirilməsi üçün tinglik təsərrüfatlarının yaradılması ilə bağlı Nazirliyin aidiyyəti qurumlarına tapşırıq verib.
Görüşdə iştirak edən millət vəkilləri də çıxışlarında mövcud şəraitdə iqtisadi sabitliyin qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıb, seçicilərin müraciət və təkliflərini səsləndirərək görülmüş işləri məqbul hesab ediblər.
Sonda tədbir iştirakçıları, xüsusən də sahibkarlar regionlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.