Xəbərlər

Balıqçılar minnətdarlıq bildirib

21 Yanvar 2016, 00:00

        Qanunsuz balıq ovuna qarşı aparılan effektiv tədbirlər və qanuni fəaliyyət göstərən balıqçılara yaradılan şərait bölgələrdə yerli əhali və ictimaiyyət nümayəndələri tərəfindən müsbət qiymətləndirilib.

        Neftçala rayonunun bir neçə kəndinin sakinləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə minnətdarlıq məktubu göndərib. Rayonun Bankə qəsəbəsindən B.Ağamalıyev, E.Ələkbərov, A.Nəsirov, F.Həsənov və M.Seyfullayevin, Neftçala şəhərindən N.Səlimovun, Şirvanlı kəndindən R.Məlikov, Ə.Mehdiyev və Ə.Əhmədovun,  həmçinin Yeniqılaq və 1 saylı Mayak kəndlərindən Ə.Baloğlanov və A.Zeynalovun imzası ilə gələn məktubda nazirliyin brakonyerliyə qarşı apardığı mübarizə tədbirləri əhali tərəfindən dəstəklənib, balıqçların qanuni fəaliyyəti üçün yaradılan şəraitdən, balıqovu biletlərinin müddətinin uzadılmasından razılıq bildirilib.  

        ETSN tərəfindən bundan sonra da bütün sahələrdə bu istiqamətdə həyata keçirilən müvafiq tədbirlər davam etdiriləcək. Eyni zamanda  insanların bioloji resurslardan qənaətli şəkildə davamlı istifadə etməsi üçün qanuni fəaliyyət göstərməsinə nəzarət olunacaq, qanuni fəaliyyət göstərən balıqçıların məmur maneəsi və müdaxiləsi ilə üzləşməməsi üçün kompleks tədbirlər görüləcək. Bununla belə balıqçıların özləri də Xəzərin bioresurslarının mühafizəsi və onlardan qanuni yolla istifadəyə nəzarət üçün addımlar atmalı, bioresurslardan istifadə qaydalarına nəzarət etməlidirlər.