Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
07 Yanvar 2016, 00:00
16-30 dekabr 2015-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 100 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 8 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 50 iş üzrə 61500 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 20 iş üzrə 15909.02 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 145 iş üzrə 20965.96 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 15, icra qurumlarına 22, məhkəməyə isə 1 iş göndərilib.