Xəbərlər

“Xəzər: ətraf mühit üçün texnologiyalar” mövzusunda 6-cı Beynəlxalq Ətraf Mühit sərgisi öz işinə başlayıb

18 Noyabr 2015, 00:00

“Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) kampaniyasının dəstəyi ilə təşkil olunan “Xəzər: ətraf mühit üçün texnologiyalar” (“CTE-2015”) mövzusunda 6-cı Beynəlxalq Ətraf Mühit sərgisi 18 noyabr 2015-ci il tarixində öz işinə başlayıb.
Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Bolqarıstanın Azərbaycanda səfərdə olan Ətraf Mühit və Su naziri xanım İvelina Vasileva ilə birgə Bakı Ekspo Mərkəzində işinə başlayan 6-cı Beynəlxalq Ətraf Mühit sərgisində nümayiş etdirilən stendlərə, təqdim olunan məhsullara baxış keçirib.
Qeyd edək ki, Azərbaycan, Çexiya, Almaniya, İsveçrə, Türkiyə, Rusiya və digər ölkələrdən olan şirkətlərin iştirak etdiyi sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunur. 6-cı Beynəlxalq Ətraf Mühit sərgisinin keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsi sahəsindəki işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıqlarla tanışlığa imkan yaratmaq və ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə əlavə təkan verməkdən ibarətdir.
“Xəzər: ətraf mühit üçün texnologiyalar” (“CTE-2015”) mövzusunda 6-cı Beynəlxalq Ətraf Mühit sərgisi 20 noyabr 2015-ci il tarixinədək davam edəcək.