Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
05 Noyabr 2015, 00:00
16-31 oktyabr 2015-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 165 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 49 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 35 iş üzrə 58200 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 1679.32 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 182 iş üzrə 56485.42 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qurumlarına 36, məhkəmələrə isə 2 iş göndərilib.