Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

30 Oktyabr 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən gün ərzində yağan intensiv yağış nəticəsində əsasən Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində 75-135 sm intervalında artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-110, Kiçik Qafqazın çaylarında 150-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 300-700 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 182 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 145 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 234 m3/s olmaqla, ongünlük normanın 255 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 95 m3/s təşkil edərək ongünlük normanın 104 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktaybrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 21, Şirvanda 8, Salyanda 2, Bankədə 17, Araz çayının Novruzlu məntəqəsində isə 28 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 400 sm (2014-cü il oktyabrın 30-da 303 sm), Şirvanda 235 sm (2014-cü il oktyabrın 30-da 153 sm), Salyanda 208 sm (2014-cü il oktyabrın 30-da 105 sm), Bankədə 201 sm (2014-cü il oktyabrın 30-da 164 sm), Araz çayının Novruzlu məntəqəsində isə 123 sm (2014-cü il oktyabrın 30-da 33 sm) təşkil edir.