Xəbərlər

Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib

03 Oktyabr 2015, 00:00

Hər il dünyada ənənəvi olaraq qeyd olunan “Beynəlxalq dəniz günü” ölkəmizdə də “Xəzər həftəsi” adı altında müxtəlif kütləvi tədbirlərlə yadda qalır.
“Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının
qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib. 03 oktyabr 2015-ci il tarixində ETSN-nin müvafiq qurumlarının əməkdaşları, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib.
100 nəfərdən artıq adamın iştirak etdiyi iməcilikdə Xəzər dənizinin sahil zolağının 10 hektar ərazisi 12 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Xəzər həftəsi” çərçivəsində sahil zolağı rayonların yerli icra strukturlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırır.