“Xəzər həftəsi” ilə əlaqədar tədbirlər davam etdirilir
30 Sentyabr 2015, 00:00
“Xəzər həftəsi” ərəfəsində ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədi ilə təbliğat xarakterli müxtəlif tədbirlər davam etdirilir.
30 sentyabr 2015-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində gənclərin ətraf mühit
sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin Xəzərin ətraf mühitinin birgə mühafizəsinə cəlb olunması və gənc nəslin ekoloji maarifləndirilməsi məqsədilə “Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, qarşıda duran perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Universitet tələbələrinin iştirak etdiyi görüşdə Xəzərin ekoloji problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi uğurlu siyasət, qarşıda duran vəzifələr, eləcə də ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, iqlim dəyişmələri, yaşıl iqtisadiyyat, davamlı inkişaf və s. mövzularda tədbir iştirakçılarına geniş məlumat verilib, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Dəyirmi masada ətraf mühitin mühafizəsi sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin zəruriliyi də diqqətə çatdırılıb, dövlət orqanları ilə yanaşı qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb.
Eyni zamanda, “Xəzər həftəsi” çərçivəsində Xəzər dənizinin sahil zolağında -Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin iştirakı ilə iməciliklərin də keçirilməsi davam etdirilir. 30 sentyabr 2015-ci il tarixində Xəzər dənizinin Sumqayıt və Nabran sahillərində iməciliklər keçirilib, sahil zolağı ərazilər bərk məişət və digər növ tullantılardan təmizlənib.