Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Oğuz şəhərində vətəndaşların qəbulunu keçirib
30 Sentyabr 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 30 sentyabr 2015-ci il tarixində Oğuz şəhərində yerləşən Oğuz Olimpiya və İdman Kompleksində Oğuz, İsmayıllı və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Görüş zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin
qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Qəbula yazılmış hər bir vətəndaşın müraciətini dinləyən nazir, şikayətlərin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa vaxt ərzində araşdırılaraq dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Görüş zamanı vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, qaldırılmış problemlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə Nazirliyin idarə və təşkilatları tərəfindən müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.