Xəbərlər

“Xəzər həftəsi” ilə əlaqədar Sumqayıt və Lənkəran şəhərlərində məktəblilərlə görüş keçirilib

28 Sentyabr 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il olduğu kimi bu il də “Xəzər həftəsi”nin yüksək səviyyədə qeyd olunması məqsədilə xüsusi tədbirlər planı hazırlanaraq ardıcıllıqla həyata keçirilir. “Xəzər həftəsi” ərəfəsində Nazirliyin müvafiq yerli ərazi ekologiya və təbii sərvətlər şöbələrinin əməkdaşları Sumqayıt
şəhər 9 saylı tam orta məktəbin və Lənkəran şəhər 4 saylı humanitar məktəb kollecinin şagird heyəti ilə görüşüb. “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi” mövzusunda keçirilən görüşlərdə ümumilikdə 100-dən artıq şagird iştirak edib.
Tədbirlərdə məktəblilərə son illərdə Xəzərin ətraf mühitinin mühafizəsi və bu sahədə Nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilməklə yanaşı, bu sahədə onların üzərinə düşən vəzifələr haqqında tövsiyələr də çatdırılıb. Tədbirlər məktəblilərlə qarşılıqlı sual-cavab, diskussiya şəklində davam edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi” ilə əlaqədar ekoloji maarifləndirmə xarakterli tədbirlər davam etdirilir.