Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
10 Avqust 2015, 00:00
16-31 iyul 2015-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 228 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 104 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 65 iş üzrə 122322.6 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 5705.25 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 320 iş üzrə 65075.36 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına isə 32 iş göndərilib