Xəbərlər

Cəlilabadda baş vermiş yanğın söndürülüb

31 İyul 2015, 00:00

30 iyul 2015-ci il tarixində Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasının səyi nəticəsində bu gün saat 14 radələrində söndürülüb.
Yanğın nəticəsində 1,5 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.
Hazırda yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.
Xatırladaq ki, ilkin ehtimala görə yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.