Xəbərlər


“Tibbi tullantıların təhlükəsiz idarə olunması” mövzusunda maarifləndirici görüşlər davam edir

26 Noyabr 2026, 18:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin təşkilatçılığı ilə tibbi tullantıların düzgün idarə olunması sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.

Bu çərçivədə növbəti görüşlər Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Binəqədi Tibb Mərkəzində, Zəngilan rayonunun Ağalı kəndində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzində və Sumqayıt şəhər Narkoloji Dispanserində keçirilib.

Görüşlərdə tibb müəssisələrinin əməkdaşlarına tibbi tullantıların idarə olunmasının bütün mərhələlərində sanitar-ekoloji norma və tələblərə riayət edilməsinin vacibliyi izah olunub. Həmçinin tibbi tullantıların növlərinə uyğun çeşidlənməsi, təhlükəsiz şəraitdə toplanması və saxlanılması, daşınması, eləcə də müəyyən edilmiş qaydada zərərsizləşdirilməsi ilə bağlı ətraflı məlumat verilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan maarifləndirici görüşlərin əsas məqsədi tibbi tullantılarla düzgün davranılmadığı təqdirdə yarana biləcək ekoloji və sanitar risklər barədə məlumatlılığı artırmaq, həmçinin tibb müəssisələrində ekoloji təhlükəsizlik prinsiplərinin tətbiqini təşviq etməkdir.