Xəbərlər


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsinə qoşulublar

20 Noyabr 2026, 19:00

Gənclərin ekoloji biliklərinin artırılması, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və onların təbiətin mühafizəsində fəal iştirakının təşviq edilməsi məqsədilə həyata keçirilən “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri üçün maarifləndirici görüş təşkil olunub.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisi Aygün Nərimanova “İqlim dəyişmələri: əsas fəaliyyətlər və prioritetlər” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat zamanı iqlim dəyişmələrinin yaranma səbəbləri və ətraf mühitə təsirləri, qlobal iqlim gündəliyinin əsas istiqamətləri, istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişmələrinə uyğunlaşma tədbirləri, eləcə də Azərbaycanın bu sahədə həyata keçirdiyi tədbirlər və müəyyənləşdirilmiş prioritetlər barədə ətraflı məlumat verilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində interaktiv formatda keçirilən görüşün sonunda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.