“III Yaşıl düşüncə” proqramı çərçivəsində gənclər üçün növbəti təlimlər keçirilib
18 Noyabr 2026, 18:00
Gənclərin ekoloji layihələrin hazırlanması, planlaşdırılması və həyata keçirilməsi, nəticələrinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “Ekoloji layihələrin hazırlanması və nəticəyönümlü idarəetmə” mövzusunda təlim sessiyası təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində keçirilən sessiyada ETSN yanında İctimai Şuranın üzvü, “ECOHUB” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Tükəzban Ağababayeva iştirakçılara ekoloji problemlərin mahiyyəti, ekoloji layihələrin məqsədi və hazırlanma prinsipləri, layihələrin əsas komponentləri, planlaşdırma və icra mərhələləri, eləcə də fəaliyyət və nəticə anlayışları barədə ətraflı məlumat verib.
Təlim zamanı layihələrin effektivliyinin qiymətləndirilməsində nəticə göstəricilərinin əhəmiyyəti, monitorinq mexanizmlərinin qurulması və icra prosesinin izlənilməsi məsələləri də izah olunub.
Nəzəri biliklərin praktiki bacarıqlarla möhkəmləndirilməsi məqsədilə iştirakçılara “Öz layihəni hazırla” adlı qrup tapşırığı təqdim edilib. Gənclər qruplara bölünərək müəyyən olunmuş vaxt ərzində ekoloji layihələr hazırlayıb, ideyalarını və təklif etdikləri həll yollarını təqdim ediblər.
Proqram çərçivəsində gənclər, həmçinin ETSN-in Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Geologiya Muzeyinə səfər ediblər.
Muzeylə tanışlıq zamanı iştirakçılara Azərbaycanın geoloji quruluşu, ölkənin müxtəlif bölgələrində yayılmış süxur və minerallar, faydalı qazıntılar və zəngin geoloji irsi haqqında məlumat verilib.