Xəbərlər


“Liderliyin əsasları və idarəetmə”mövzusunda təlim təşkil olunub

21 Oktyabr 2026, 18:26

Dövlət İmtahan Mərkəzi tərəfindən 21 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Liderliyin əsasları və idarəetmə” mövzusunda təlim keçirilib.

Dövlət qulluqçularının peşəkar potensialının artırılması, idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və insan kapitalının inkişafı məqsədilə rəhbər və icraçı vəzifələrdə çalışan əməkdaşlar üçün Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Miranə Rüstəmli tərəfindən “Liderliyin əsasları və idarəetmə” mövzusunda təlim təşkil olunub.

Təlimin əsas məqsədi dövlət idarəçiliyində xidməti məsuliyyət, etik davranıs, nəticəyönümlü idarəetmə, effektiv kommunikasiya və komanda işinin təşkili üzrə müasir yanaşmaların mənimsənilməsindən ibarətdir.

Nəzəri və praktiki hissələrdən ibarət olan təlim proqramı çərçivəsində iştirakçılara liderlik və idarəetmə anlayışlarının müqayisəli təhlili, situativ liderlik modelləri, tapşırıqların ədalətli delegasiyası, daxili və xarici motivasiya alətləri, eləcə də qərarvermə və münaqişələrin idarə olunması mövzularında ətraflı məlumat verilib.

Xüsusilə, dövlət qulluğunda etik liderlik, obyektivlik, şəffaflıq və maraqlar toqquşmasının idarə olunması kimi mühüm məsələlər real iş situasiyalarından götürülmüş kazuslar (case study) əsasında təhlil edilib. İştirakçılar SBI (Situation, Behavior, Impact — Situasiya, Davranış, Təsir) modeli üzrə konstruktiv geribildirim verilməsi, vaxtın səmərəli idarə edilməsi (Eisenhower Matrisi) və iş yükünün ədalətli bölüşdürülməsi mövzularında interaktiv tapşırıqlar və rol oyunları icra ediblər.

İnteraktiv diskussiya şəraitində keçən təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və təlim proqramı uğurla yekunlaşıb.