Gənclər üçün “III Yaşıl düşüncə” maarifləndirmə proqramına start verilib
21 Oktyabr 2026, 13:05
Gənclərin ekoloji biliklərinin, ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığının artırılması və ekoloji məsuliyyət hissinin gücləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “III Yaşıl düşüncə” maarifləndirmə proqramına start verilib.
Proqrama qoşulmaq üçün 450-yə yaxın gənc müraciət edib. İlkin müsahibə mərhələsini uğurla keçən 85 nəfər proqramın iştirakçısı seçilib.
Oktyabr və noyabr aylarını əhatə edəcək proqramın ilk görüşündə ETSN-nin Rəqəmsallaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova iştirakçılara layihənin məqsədi, iştirak şərtləri, həyata keçiriləcək nəzəri və praktiki təlimlər barədə məlumat verib, gəncləri maraqlandıran sualları cavablandırıb.
Proqramın davamında ETSN yanında Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Gülnarə Məmmədova “Meşələrin bərpası və dayanıqlı idarəetmə” mövzusunda təqdimatla çıxış edib.
Təqdimat zamanı meşələrin ekoloji əhəmiyyəti və əsas funksiyaları, meşə ehtiyatlarından istifadə, meşə ekosistemlərinin qorunması və bərpası istiqamətində görülən işlər, eləcə də bu sahədə regional və qlobal yanaşmalar barədə ətraflı məlumat verilib. Təlim qrup işi və interaktiv müzakirələrlə davam edib.
Qeyd edək ki, proqram çərçivəsində biomüxtəlifliyin qorunması, rəqəmsal ekologiya, tullantıların idarə edilməsi, iqlim dəyişmələri, ekoloji qanunvericiliyin tətbiqi, ekspertiza rəylərinin verilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekoloji tarazlığın bərpası və beynəlxalq əməkdaşlıq kimi mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.