Xəbərlər


Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib

16 Oktyabr 2026, 14:17

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 16 oktyabr 2026-cı il tarixində ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Yevlax rayonunda Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Goranboy və Ucar rayonlarından olan sakinləri qəbul edib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi anılıb.

Vətəndaş qəbulu zamanı ətraf mühitin və meşələrin mühafizəsi, yaşıllıqların qorunması, mineral xammaldan istifadə, məşğulluğun təmin edilməsi, eləcə də digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.