Xəbərlər


Qızılağac Milli Parkının yaranma günü qeyd olunub

28 Sentyabr 2026, 14:02

Qızılağac Milli Parkının yaranma günü ilə əlaqədar parkın ərazisində ekoloji maarifləndirici tədbir keçirilib.

Tədbirdə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də Lənkəran rayonunun Balıqçılar kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Görüş zamanı Qızılağac Milli Parkının yaradılmasının əhəmiyyəti, ərazidə mövcud olan zəngin bioloji müxtəlifliyin qorunması, təbii sərvətlərin mühafizəsi və ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılmasının vacibliyi barədə məlumat verilib.

Bildirilib ki, xüsusilə gənc nəslin ekoloji biliklərinin artırılması, onların təbiətin qorunmasına dair məsuliyyətli və fəal münasibətinin formalaşdırılması ətraf mühitin mühafizəsində mühüm rol oynayır.

Daha sonra məktəblilər Qızılağac Milli Parkının təbii xüsusiyyətləri, zəngin flora və faunası, eləcə də turist marşrutları ilə tanış olublar.

Tədbirin sonunda şagirdlər üçün “Kiçik Körfəz” ərazisində qayıq gəzintisi təşkil olunub.