Xəbərlər


Milli parklarda Ümumdünya Avtomobildən İmtina Günü qeyd olunub

22 Sentyabr 2026, 18:36

22 sentyabr – Ümumdünya Avtomobildən İmtina Günü ilə əlaqədar Şirvan, Göygöl və Ağgöl milli parklarında maarifləndirici tədbirlər keçirilib.

Şirvan Milli Parkında Salyan rayonunun Salman Cəfərov adına Yenikənd orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən görüşdə avtomobillərdən istifadənin azaldılmasının ətraf mühitin mühafizəsi, havanın keyfiyyətinin yaxşılaşdırılmasında rolu barədə məlumat verilib.

Görüşün sonunda sağlam və ekoloji həyat tərzinin təşviqi məqsədilə məktəblilər arasında veloyürüş təşkil olunub. Tədbir zamanı velosipeddən alternativ nəqliyyat vasitəsi kimi istifadənin əhəmiyyəti, fəal həyat tərzinin üstünlükləri və təbiətlə təmasın insan sağlamlığına müsbət təsiri diqqətə çatdırılıb.

Göygöl və Ağgöl milli parklarında isə “Dörd təkərsiz bir gün” və “Avtomobilsiz bir gün – təbiətə bir addım” adlı tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində avtomobilsiz hərəkətin, piyada gəzintilərin və alternativ nəqliyyat vasitələrindən istifadənin təbiətin mühafizəsinə verdiyi töhfələr barədə iştirakçılara məlumat verilib. Eyni zamanda, ziyarətçilər Göygöl və Ağgöl milli parklarının piyada ekoturizm marşrutları ilə tanış olublar.

Keçirilən tədbirlərin əsas məqsədi avtomobillərdən istifadənin azaldılmasının ətraf mühit üçün əhəmiyyəti barədə ictimai məlumatlılığın artırılması, ekoloji məsuliyyətli davranışın təşviqi və sağlam həyat tərzinin təbliğidir.