“Xəzəri Qoruyaq!” genişmiqyaslı təmizlik aksiyası başa çatıb
21 Sentyabr 2026, 17:40
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Neft Şirkətinin tərəfdaşlığı və “EcoHub” İctimai Birliyinin təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı təmizlik aksiyası başa çatıb.
Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etmək məqsədilə keçirilən aksiyanın sonuncusu Xəzər dənizinin Bilgəh sahilində baş tutub.
1 sentyabr tarixindən etibarən Xəzərin Lənkəran, Astara, Neftçala, Xaçmaz, Siyəzən, Sumqayıt və Bilgəh sahillərini əhatə edən aksiyalarda 1500-dən çox könüllü tərəfindən 30 hektar ərazi 5 ton tullantıdan təmizlənib.
Xatırladaq ki, “Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya bütün dünyada qeyd edilən Ümumdünya Təmizlik Günü çərçivəsində təşkil edilib. Aksiyaya “Coca-Cola”, “Carlsberg Azerbaijan”, “McDonald's” şirkətləri ilə yanaşı, bir çox qurum və təşkilatlar tərəfindən də dəstək verilib.