Xəbərlər


Altıağac Milli Parkında “Açıq qapı” günü keçiriləcək

28 Avqust 2026, 14:20

“Milli parkları yaxından tanıyaq” devizi ilə növbəti “Açıq qapı” günü 31 avqust tarixində Altıağac Milli Parkında keçiriləcək.

Milli parkın yaradılması günü münasibətilə ziyarətçilər üçün giriş ödənişsiz olacaq.

Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşən Altıağac Milli Parkı zəngin meşəlikləri, geniş çəmənlikləri, füsunkar təbiət mənzərələri və zəngin biomüxtəlifliyi ilə seçilir. Parkın ərazisini vələs, palıd, göyrüş və digər ağac növlərindən ibarət sıx və qarışıq meşələr əhatə edir.

Milli parkda müxtəlif yaş qrupları üçün uyğunlaşdırılmış piyada və ekoturizm marşrutları fəaliyyət göstərir. Ziyarətçilər bu marşrutlar boyunca təbiətin gözəlliklərini kəşf edə, mənzərəli ərazilərdə vaxt keçirərək istirahət edə bilərlər.

Təbiətin qoynunda dincəlmək, Altıağac Milli Parkının gözəlliklərini kəşf etmək istəyən hər kəsi 31 avqustda keçiriləcək “Açıq qapı” gününə dəvət edirik.