“5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar iməcilik keçirilib
30 May 2015, 00:00
“5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 30 may 2015-ci il tarixində Yeni Suraxanı-Binə yolunun ətrafında iməcilik keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 500-ə yaxın əməkdaşının, ekoloji
qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyada sözügedən ərazinin 85 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib.
Qeyd edək ki, “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.
Hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.
Tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini də cəlb etməkdir.