05 iyun Ümumdünya ətraf mühit günü ilə əlaqədar “Ətraf mühitin mühafizəsi hər birimizin borcudur” mövzusunda seminar keçirilib
26 May 2015, 00:00
Ənənəvi olaraq hər il 05 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədi ilə təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirilir.
26 may 2015-ci il tarixində Nazirliyin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində gənclərin və yeniyetmələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədilə “Ətraf mühitin mühafizəsi hər birimizin borcudur” mövzusunda seminar keçirilib.
Seminarda gənclər və orta məktəb şagirdləri ilə yanaşı ictimaiyyət nümayəndələri də iştirak edib. Görüşdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət, bu istiqamətdə gənc nəslin fəal rolu, gənclərin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığının artırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Eyni zamanda, tədbir iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, yaşıl iqtisadiyyat və davamlı inkişaf, su ehtiyatlarının idarə olunması, iqlim dəyişmələri və s. mövzularda geniş informasiya verilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.