“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici görüşlər keçirilib
18 İyun 2026, 12:43
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirici görüşlər Bakının Sabunçu rayonunda Sun Tea Çay Fabriki MMC-də, Cəbrayıl rayonunda "İrmiş İnşaat Sanayi ve Ticaret Anonim" şirkətində, Qəbələ rayonunda Qəbələ Konserv Zavodu MMC, Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı ASC və SAVALAN – ASPI Winery MMC-də təşkil olunub.
“Təmiz ətraf mühit hər kəsin hüququdur” mövzusunda keçirilən görüşlərdə iştirakçılara ətraf mühitin mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyin əsas müddəaları barədə ətraflı məlumat verilib. Həmçinin vətəndaşların və təsərrüfat subyektlərinin ekoloji hüquq və vəzifələri, təbii sərvətlərdən səmərəli və məsuliyyətli istifadə prinsipləri, eləcə də ətraf mühitə vurulan zərərə görə tətbiq olunan məsuliyyət tədbirləri izah olunub.
Görüşlərdə ətraf mühitin qorunmasının ümumi vəzifə olduğu vurğulanaraq, hər bir fərdin və müəssisənin bu istiqamətdə üzərinə düşən məsuliyyət və rolu diqqətə çatdırılıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, sözügedən maarifləndirici görüşlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək ölkədə elan edilən “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunur.