Xəbərlər


3 iyun – Ümumdünya Velosiped Günündə veloyürüş keçirilib

03 İyun 2026, 19:50

Ümumdünya Velosiped Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Azərbaycan Velosiped İdmanı Federasiyası, IDEA İctimai Birliyi və Apar komandasının dəstəyi ilə veloyürüş təşkil olunub.

Dənizkənarı Bulvar ərazisində keçirilən veloyürüşə dövlət və özəl qurumların nümayəndələri, könüllülər, peşəkar və həvəskar velosipedçilər qoşulublar. 100-dən artıq iştirakçının qatıldığı tədbir sağlam həyat tərzinin, ekoloji təmiz nəqliyyat vasitələrinin və dayanıqlı şəhər mobilliyinin təşviqinə həsr olunub.

Hər il iyunun 3-də qeyd olunan Ümumdünya Velosiped Günü insanların diqqətini ekoloji cəhətdən təmiz və dayanıqlı nəqliyyat vasitələrinə yönəltmək, ictimai nəqliyyatdan istifadənin təşviqi və istixana qazı emissiyalarının azaldılmasına dəstək məqsədi daşıyır.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən bu kimi təşəbbüslər Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ekoloji dəyərlərin təşviqinə, vətəndaşların ətraf mühitin mühafizəsində fəal iştirakının artırılmasına və cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsinə xidmət edir.