Xəbərlər


Ağacların nömrələnməsi və inventarlaşdırılması işləri davam etdirilir

19 May 2026, 17:15

Ölkə üzrə vahid nömrələnmə və inventarlaşdırma standartına keçid məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə bu dəfə Sumqayıt şəhərində yerləşən parkda layihə üzrə ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub.

İdentifikasiya lövhəsi vurulmuş ağaclara dair bütün məlumatlar Rəqəmsal Ekologiya İnformasiya Sisteminin “Yaşıllıqların reyestri” alt sisteminə daxil edilib və www.agac.az saytında yerləşdirilib.

Ağacların qeydiyyatı və nömrələnməsi işləri yaşıllıqların mühafizəsinin təmin edilməsi, onlara müdaxilə hallarının qarşısının alınması, yaşıllıqların elektron reyestrinin formalaşdırılması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilir.

Nazirlik tərəfindən təşkil olunan bu cür maarifləndirici tədbirlər Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ekoloji təşəbbüslərin təşviqinə, ətraf mühitin mühafizəsi sahəsində ictimai fəallığın artırılmasına xidmət edir.