Xəbərlər


Abşeron Milli Parkında veloyürüş tədbirləri təşkil edilib

15 May 2026, 13:40

Abşeron Milli Parkında ekoloji maarifləndirmənin artırılması, sağlam həyat tərzinin təşviqi və gənclərin təbiətə marağının artırılması məqsədilə silsilə veloyürüş tədbirləri təşkil edilib.

Səhiyyə Nazirliyi İşçiləri Həmkarlar İttifaqının dəstəyi, TƏBİB-in Pirallahı rayon bölməsi və Abşeron Milli Parkının birgə təşkilatçılığı ilə keçirilən veloyürüşdə iştirakçılar parkın unikal təbiəti, biomüxtəlifliyi və xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti ilə yaxından tanış olublar. Tədbir çərçivəsində iştirakçılar üçün Şahdili ərazisinə ekskursiya da təşkil edilib.

Eyni zamanda Bakı Dövlət Universitetinin tələbələrinin iştirakı ilə keçirilən veloyürüş zamanı gənclərə ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji məsuliyyətin artırılması ilə bağlı məlumat verilib.

Veloyürüşlər ekoloji həyat tərzinin təşviqi, təbiətin qorunmasına ictimai marağın artırılması, ekoturizmin tanıdılması və xüsusi mühafizə olunan təbiət əraziləri haqqında məlumatlılığın artırılması məqsədi daşıyıb.