Xəbərlər


ETSN-də “İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim edilib

14 May 2026, 13:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “İmkanlar hər kəs üçün” sosial layihəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də qoşulub.

Layihə çərçivəsində DOST Mərkəzinin benefisiarları Milli Hidrometeorologiya Xidmətində təşkil olunan təcrübə proqramında iştirak edərək yeni bilik və bacarıqlar əldə ediblər. İştirakçılar Hidrometeorologiya Muzeyində ölkəmizin hidrometeorologiya tarixini əks etdirən eksponatlar və müxtəlif ölçü cihazları ilə tanış olub, müasir müşahidə sistemləri və istifadə olunan texnologiyalar barədə ətraflı məlumat əldə ediblər. Eyni zamanda onlara hidrometeoroloji müşahidələrin aparılması, məlumatların emalı və hava proqnozlarının hazırlanması prosesi əyani şəkildə təqdim olunub.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində layihə iştirakçılarına sertifikatlar təqdim edilib. Tədbirdə çıxış edənlər inklüzivliyin təşviqi, əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası və onların peşəkar bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, layihə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq tədbirləri çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunub.