Xəbərlər


Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilib

12 May 2026, 12:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyində “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativlər və məhdudiyyətlər” mövzusunda ictimai dinləmə təşkil olunub.

Dinləmədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, memarlar, ekoloqlar, şəhərsalma subyektləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində şəhərsalma fəaliyyətində ekoloji tələblərə riayət olunması, layihələndirmə mərhələsində tətbiq edilən normativlər, “Yaşıl şəhər” və “Yaşıl tikinti” prinsiplərinin təşviqi məsələləri geniş müzakirə olunub. İştirakçılar ərazi planlaşdırılmasında yaşıl sahələrin artırılması, mövcud yaşıllıqların qorunması, tullantıların idarə olunması sistemlərinin təkmilləşdirilməsi və su ehtiyatlarından səmərəli istifadə ilə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda tikinti layihələrində enerji səmərəliliyi standartlarının tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadə imkanları, dam və şaquli yaşıllaşdırma elementlərinin layihələrə inteqrasiyası, eləcə də ekoloji sertifikatlı tikinti materiallarından istifadənin əhəmiyyəti diqqətə çatdırılıb.