Cari ilin yaz mövsümündə “Tullantıları tinglərə dəyiş” aksiyası çərçivəsində ümumi tutumu 2040 litr olan plastik, 813 litr olan şüşə tullantı və 970 ədəd işlənmiş batareya toplanaraq utilizasiyaya yönləndirilib
08 May 2026, 16:05
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə yaz mövsümünün sonuncu “Tullantıları tinglərə dəyiş” aksiyası Sumqayıt şəhərində “Bravo” marketin qarşısında keçirilib.
Ətraf mühitin mühafizəsini, tullantıların düzgün idarə olunmasını təşviq etmək və yaşıl gələcəyə töhfə vermək məqsədilə təşkil olunan aksiyada vətəndaşlar ümumi tutumu 211 litr olan plastik tullantı və 84 ədəd işlənmiş batareya təhvil verərək əvəzində Eldar şamı, sərv, nar və badam tingləri əldə ediblər.
Qeyd edək ki, cari ilin yaz mövsümündə Bakı, Sumqayıt və Abşeron ərazilərində ümumilikdə 5 aksiya keçirilib. Aksiyalar çərçivəsində ümumi tutumu 2040 litr olan plastik, 813 litr olan şüşə tullantı və 970 ədəd işlənmiş batareya toplanaraq utilizasiyaya yönləndirilib.
“Tullantıları tinglərə dəyiş” aksiyası 2022-ci ildən etibarən yaz və payız əkin mövsümlərində mütəmadi olaraq keçirilir. Aksiya çərçivəsində ting əldə edən vətəndaşlar əkdikləri ağacların hazırkı vəziyyətini əks etdirən foto və videoları bizimlə bölüşə bilər.