Tibbi tullantıların təhlükəsiz idarə olunması istiqamətində maarifləndirici görüşlər davam edir
07 May 2026, 13:55
Tibbi tullantıların düzgün idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən ölkənin müxtəlif tibb müəssisələrində mütəmadi maarifləndirici tədbirlər keçirilir.
“Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda növbəti görüşlər Bakı şəhərinin K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda, Appro Hospital MMC-də, eləcə də Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd Ailə Sağlamlıq Mərkəzində təşkil olunub.
Tədbirlər zamanı iştirakçılarla tibbi tullantıların idarə olunması sahəsində mövcud problemlər, onların aradan qaldırılması yolları və bu istiqamətdə tətbiq olunan müasir yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, tibbi tullantıların insan sağlamlığına və ətraf mühitə mümkün təsirləri, tullantıların təhlükəlilik dərəcəsinə uyğun çeşidlənməsi, toplanması, daşınması və zərərsizləşdirilməsi üsulları barədə ətraflı məlumat verilib.