“Yaşıl marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası Gədəbəy rayonunda təşkil edilib
21 Aprel 2026, 17:00
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyasının yaz mövsümü çərçivəsində növbəti ağacəkmə aksiyası Gədəbəy rayonunda təşkil edilib.
Könüllülərin iştirakı ilə keçirilən ağacəkmə aksiyası çərçivəsində Gədəbəy rayonunun meşə fondu ərazisində 4600 ədəd fıstıq və 2000 ədəd Şərq çinarı ağacı əkilib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun ("Yaşıl marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.