Xəbərlər


“ETSN-də bir gün” ekoloji maarifləndirmə layihəsi davam edir

10 Aprel 2026, 17:10

“ETSN-də bir gün” ekoloji maarifləndirmə layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində məktəblilərlə növbəti görüş keçirilib.

Bu dəfə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri Nazirliyin qonağı olub. Şagirdlər ölkəmizin zəngin təbii sərvətləri və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olublar.

Görüş zamanı Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Gülnarə Məmmədova şagirdlərə Azərbaycanın meşələri, nadir və endemik növlərin qorunması, eləcə də meşələrin iqlim və insan həyatı üçün əhəmiyyəti barədə ətraflı məlumat verib. İnteraktiv formatda keçirilən görüş şagirdlərin fəal iştirakı ilə yadda qalıb.

Daha sonra şagirdlər Orxus İctimai Ekologiya İnformasiya Mərkəzi ilə tanış olub, “Ətraf mühitə dair məlumat əldə etmək, qərarların qəbulunda iştirak və ədalət mühakiməsinə çıxış haqqında” Konvensiyası (Orxus Konvensiyası) haqqında məlumat əldə ediblər.

Proqramın davamında isə onlar Azərbaycan Geologiya Muzeyinə ekskursiya edərək müxtəlif süxur, mineral və filiz nümunələrini yaxından müşahidə ediblər.

Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Nazirlik tərəfindən həyata keçirilən bu kimi maarifləndirici tədbirlər 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkədə ekoloji təşəbbüslərin təşviqinə, ətraf mühitin mühafizəsi sahəsində ictimai fəallığın artırılmasına xidmət edir.